Biznes krediti sahibkarlara və ya şirkətlərə biznes fəaliyyətlərini genişləndirmək, yeni layihələrə sərmayə qoymaq, avadanlıq almaq, işçi heyətini artırmaq və ya digər biznes ehtiyaclarını qarşılamaq üçün verilən maliyyə vəsaitidir. Bu kreditlər həm qısa, həm də uzunmüddətli ola bilər və biznesin inkişafına dəstək olmaq məqsədi daşıyır.
Biznes Kreditinin Xüsusiyyətləri
- Müddət: Biznes kreditləri qısa müddət üçün (bir neçə aydan bir neçə ilə qədər) və ya uzun müddət üçün (10 ilə qədər və daha çox) verilir. Qısa müddətli kreditlər adətən nağd pul axınını idarə etmək üçün, uzunmüddətli kreditlər isə böyük layihələr üçün istifadə olunur.
- Faiz Dərəcələri: Biznes kreditlərinin faiz dərəcələri müxtəlif ola bilər. Bu faiz dərəcələri sabit və ya dəyişkən ola bilər. Kreditin faiz dərəcəsi, kreditin müddətinə, məbləğinə və sahibkarın maliyyə vəziyyətinə görə dəyişə bilər.
- Məbləğ: Biznes kreditləri müxtəlif məbləğlərdə ola bilər. Bu məbləğ, sahibkarın biznes ehtiyaclarına və maliyyə qabiliyyətinə uyğun olaraq müəyyən edilir. Kiçik və orta bizneslər üçün daha kiçik məbləğlər, böyük layihələr üçün isə daha böyük məbləğlər tələb oluna bilər.
Biznes Kreditinin Şərtləri
Biznes kreditləri üçün şərtlər və tələblər müxtəlif banklar və maliyyə qurumları tərəfindən fərqli şəkildə təyin olunur. Bu şərtlər və tələblər sahibkarın maliyyə vəziyyəti, biznes növü, kredit tarixçəsi və digər faktorlarla sıx əlaqəlidir. Bunlar aşağıdaklardır:
- Biznes Kreditində Kredit Tarixçəsinin rolu: Banklar və maliyyə qurumları sahibkarın və ya şirkətin əvvəlki kredit tarixçəsini nəzərdən keçirir. Əgər sahibkar və ya şirkət daha əvvəl götürülən kreditləri vaxtında ödəmişdirssə, bu onların etibarlı borcalan olduğunu göstərir və yeni kreditin təsdiq olunma ehtimalını artırır. Əgər sahibkarın və ya şirkətin kredit ödənişləri ilə bağlı problemləri olubsa, bu bankın risk qiymətləndirməsini təsir edə bilər. Mənfi kredit tarixçəsi olanlara kredit verilməsi çətinləşə və ya faiz dərəcələri yüksək ola bilər.
- Biznes növü və Sənaye: Kredit verilməsi zamanı banklar sahibkarın fəaliyyət göstərdiyi sahəni də nəzərə alır. Məsələn, bəzi sənayelər daha riskli hesab olunur və bu sahələrdə fəaliyyət göstərən bizneslərə kredit şərtləri daha sərt ola bilər. Banklar həmçinin biznesin gəlir mənbəyini və gəlir stabilliyini qiymətləndirir. Sabit və davamlı gəlir axını olan bizneslərə kredit vermək daha etibarlı sayılır.
- Biznes kreditində Maliyyə Vəziyyətinin əhəmiyyəti: Banklar sahibkarın və ya şirkətin maliyyə sağlamlığını dəyərləndirmək üçün onların maliyyə göstəricilərinə (gəlir, xərclər, mənfəət və zərər hesabatları, balans hesabatları) baxır. Sağlam maliyyə göstəriciləri kredit müraciətinin təsdiqlənmə şansını artırır. Banklar biznesin nağd pul axınına da xüsusi önəm verir. Güclü və ya stabil nağd pul axını olan bizneslər kredit ödənişlərini vaxtında və asanlıqla ödəyə bilər. Əgər biznesin pul axını zəifdirsə, bu kreditin verilməsində bəzi əngəllər törədə bilər.
Biznes Krediti Kimlər üçündür?
- Kiçik və Orta Sahibkarlar: Yeni layihələrə sərmayə qoymaq, avadanlıq və texnologiya almaq, istehsal həcmini artırmaq və ya işçi heyətini genişləndirmək istəyən kiçik və orta sahibkarlar üçün biznes kreditləri mühüm rol oynayır.
- Yeni Biznes Qurmaq İstəyənlər: Öz biznesini qurmaq istəyən fərdlər, başlanğıc kapitalı üçün biznes kreditinə müraciət edə bilərlər. Bu kreditlər ilk addımları atmaq üçün zəruri olan maliyyə resurslarını təmin edir.
- Genişlənmə Planları Olan Şirkətlər: Mövcud biznesini böyütmək və yeni bazarlara daxil olmaq istəyən şirkətlər genişlənmə prosesində tələb olunan əlavə maliyyəni təmin etmək üçün biznes kreditlərinə müraciət edə bilərlər.
- İstehsal və Xidmət Sektorunda Fəaliyyət Göstərənlər: İstehsal proseslərini optimallaşdırmaq və ya yeni xidmətlər təklif etmək üçün resurslara ehtiyacı olan müəssisələr biznes kreditlərindən faydalana bilər.
- Aqroinkişaf krediti: Bank və Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə təqdim olunan, aşağı faiz dərəcəsi ilə təmin edilən bir kredit növüdür və demək olar ki, bütün banklar tərəfindən dəstəklənir. Xüsusilə kənd təsərrüfatı bankçılığına yönəlmiş banklar fermerlərin mövsümi nağd pul axınlarını nəzərə alaraq, müxtəlif kredit paketləri ilə müəssisələrə maliyyə həlləri təklif edir.
Biznes Kreditinin Alınması Prosesi
Biznes kreditinin alınması prosesi üçün sahibkar ilk növbədə bank və ya kredit təşkilatına müraciət etməlidir. Müraciət zamanı biznes planı, mövcud biznes haqqında ətraflı məlumat, maliyyə hesabatları, şəxsiyyət vəsiqəsi və bankın tələb etdiyi digər sənədlər təqdim edilməlidir. Bank sahibkarın kredit tarixçəsini, biznesin maliyyə vəziyyətini və gələcək planlarını yoxlayaraq kreditin verilməsi barədə qərar qəbul edir.
Biznes Kreditinin Bizneslər üçün Əhəmiyyəti
Azərbaycanda biznes kreditləri sahibkarlara və müəssisələrə maliyyə dəstəyi göstərərək onların inkişafını və böyüməsini təmin edir. Bu kreditlər bizneslərin yeni layihələrə sərmayə qoyması, avadanlıq və texnologiya alınması, işçi heyətinin böyütməsi və digər fəaliyyətlər üçün vacibdir. Biznes kreditləri xüsusilə kiçik və orta sahibkarların bazarda rəqabət gücünü artırmağa və daha böyük müvəffəqiyyətlər əldə etməyə imkan yaradır. Biznes kreditləri iqtisadiyyatın inkişafına və dayanıqlılığının artırılmasına da mühüm töhfə verir.
Biznes Kreditində Ola Biləcək Risklər
Biznes kreditləri sahibkarlara maliyyə dəstəyi təmin etsə də, müəyyən risklər də mövcuddur. Məsələn, biznesin pul axını gözlənilməz səbəblərdən zəifləyə bilər ki, bu da kredit ödənişlərinin vaxtında edilməsini çətinləşdirə və gecikmələrə səbəb ola bilər. Bundan əlavə, dəyişkən faiz dərəcələri ilə götürülmüş kreditlər bazarda faizlərin artması ilə birlikdə maliyyə yükünü artırır, bu xüsusilə uzunmüddətli kreditlərdə ciddi bir riskdir.
Kredit vəsaiti ilə həyata keçirilən layihənin uğursuz olması investisiya risklərinin reallaşmasına və kreditin geri qaytarılmasında problemlərə səbəb ola bilər. Kredit üçün girov qoyulubsa və ödənişlər yerinə yetirilə bilmirsə, bank girov əmlakı satışa çıxara bilər, bu da sahibkarlıq üçün ciddi maddi itki deməkdir.
Bu kimi halların yaşanmaması üçün kredit götürməzdən əvvəl kredit şərtləri diqqətlə nəzərdən keçirilməli və düzgün qiymətləndirilməli, bundan əlavə bankla sahibkar (müəsssisə) arasında bağlanmış kredit müqaviləsi ciddi şəkildə oxunmalıdır.